Adsız şeir

Gözlərinin içində
Boy verir kədər, sonam.
Kökləyirəm qəlbimi
Ayrılıq havasına...
Necə gəlib qovuşduq
Araz kimi, Kür kimi?!
Elə bu da qatardı
Sürürük ömür kimi...
Yerə-göyə sığmırıq
Qərarımız yox bizim.
Nazımızı səadət
Çəkməyəcək çox bizim.
Bir gün enib qüruba
Günəşimiz batacaq.
Təsəllimiz bir odur
Sönməyəcək bu ocaq.
Qəm gətirir qəm üstə,
Yaş gətirir yaşıma
Ötür ömrün payızı
Nə qalıb ki qışıma...
Bir az qərib görükür
Sanki,evim eşiyim,
Bu ürəyim sinəmdə
Yaz çiçəyi-üşüyür.
İllər gəlir sel kimi
Elə axır az qala
Saçımızdan qaranı
Tamam yuyub apara...
İllər ötür yel kimi
Əsir bizi az qala
Çoxillik palıd kimi
Kökümüzdən qopara

                            İbad Əliyev
                                     2001

Adsız şeir

Dəyirmanda vəl olmadım,
Ətəklərdə əl olmadım,
Mən nəfsimə qul olmadım,
Olanlarım bəsim hələ

 *       *       *

Xəzan alıb bu baharı,
Yel ağzında yarpaqları.
Ürəyimin budaqları
Əsir əsim-əsim hələ

 *       *       *

Gileyliyəm dost-yarımdan
Duman olmuş ahlarımdan.
O qar almış dağlarımdan
Vardır umum-küsüm hələ

 *       *       *

Mən-səbirlə aram-aram  
Uzun-uzun yollar yoran.
Çox da daha oxumuram,
Eşidilər səsim hələ.

                             İbad Əliyev
                                                           2001

Səni unutdu


(Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən)



                                               Hanı şeir quşum,
                                                                         Səməndər quşum
                                                           Hanı zülmət yaran
                                                                         O səhər quşum?!
                                                           Uçubdur,gəlibdir
                                                                         qəhərim mənim.
                                                           Gedibdir,açılmır
                                                                         səhərim mənim...
                                                           Məni tərk edəndən
                                                                         Itibdir huşum.
                                                           Hanı şeir quşum,
                                                                         Səməndər quşum ?!

                                                                                        N.İbadoğlu


Ay ata, bu dünya vəfasız imiş!
Nəğməli bir ömrü, yəni unutdu?
Keşdiyin cığırlar çayır gətirdi
Əkdiyin çiçəklər səni unutdu.

   *             *             *

Sən gözə, könülə saflıq çilədin,
Qaralan göylərin nisgil daşıdı.
Demirəm bir Günəş, ya da ki şimşək,
Sadəcə bir bulud ömrü yaşadın.

   *             *             *

Çinarı deyildin göyə ucalan,
Gözündən şeh daman bir gülü idin.
Sən nə qartalıydın, nə də tərlanı
Sən vətən bağının bülbülü idin.

   *             *             *

Demirəm çatardı başın göylərə
Sən nə zirvə idin, nə də dağ idin
İstəyin həmişə uyub sehrinə
Sözün qanadında ucalmaq idi.

   *             *             *

Gözünün işığı, qəlbinin nuru
Bir dünyan var idi-analı dünyan.
Tutiyə bilərdin, kəlməni,sözü,
Onu sənin kimi varmıdır duyan?

   *             *             *

Çəkər sənsizliyi baharın, yazın,
Gözünü qum tutmuş susmuş bulaqsan
Çox çəkdin nazını oğulun, qızın,
Barının yükündən sınmış budaqsan.

   *             *             *

Həsrətdən saralıb kağızlar yoxsa?
Bəlkə yadırğıyıb qələm,unudub,
Sevinci bilmirəm,inanmıram ki,
Səni bu dərd, kədər, ələm unudub.

   *             *             *

Yuxuma gəlirsən, hərdən yuxuma,

Az qalır yoxluğun yadımdan çıxa,
Nəvaziş eləmir boy-buxununa
Yollar yerişindən sevinmir daha.

   *             *             *

Mən ha söykəyirəm, boşdur kürəyim,

Arxam, gərəyiydim mənim həyatda
Sən ki, ürəyimdin, mənim ürəyim,
Ürəyim döyünür torpağın altda.

   *             *             *


Ay ata, bu dünya vəfasız imiş!
Nəğməli bir ömrü,yəni unutdu?
Keşdiyin cığırlar çayır gətirdi
Əkdiyin çiçəklər səni unutdu.

                                        İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən

Sən başımın tacı idin,
Səni qapıb götürdülər
Çevirdilər qara pula,
Tez də salıb itirdilər

Səni məndən ayırdılar,
Ocağını kor qoydular,
Məgər orda qor qoydular?-
Bəladılar, ləçərdilər.

Alışıram,yanır sinəm.
Yoxluğun dar çəkib mənə...
Qız dediyin zəli, gənə...
Qızıl qanın içərdilər.


Əllərindən yoxdu günüm,
Vardı əldə toy-düyünün,
Harayıma yetdin mənim
Ölümünlə sən bir səhər.

Sən başımın tacı idin,
Səni qapıb götürdülər
Çevirdilər qara pula,
Tez də salıb itirdilər

                     İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən


Dolanbacdı ömür yolun,
Bu yol yoxuşdu, enişdi.
Sevinci kimin payına,
Acısı gör kimə düşdü!

Əlim yetmədi əlinə
Sən də üzüyola.
Gör kimlər oğul oldular
İki oğlun qala-qala



Nə yoğurub, nə yapdılar,
Hazırca kökə tapdılar.
Sudan halva düşdü,atam
Kökəni yekə tapdılar.

Qaldı içim yana-yana,-
Səni sular tək içdilər,
Gen-bol zəmi tək biçdilər,
Körpü edib çay keçdilər.

Uçmağa göy bağışladın;
Uçdular, qanad özgənin.
Adım üstə adın oldu,
Ad mənimdi, dad özgənin

Qaldım atam ola-ola
Mən atasız yetim, atam
İmdadıma çata ölüm,
Bəlkə sənə yetim, atam.

                              İbad Əliyev
                                      Avqust, 2000

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən



Bir nisgildən odlanıb,
Olubdu bağrı şan-şan,
İçin-için ağlıyır
Şölə çəkib yanır şam.


Dayanıb baş ucunda
Başılovlu, qəlb qırıq
Baş açıb saçın yolur
Hansı mələk, hansı ruh ?!


Məzar üstə əyilən
Görən kimdi o bulud
Göz yaşında islanıb
Açan çiçək, bitən ot

Yara dəyib torpağa,
O yara şişib nədir?
Köhnələcək, çökəcək-
Hələ dərdi təzədi...

                     İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən



Bir bənd şeirdi qəbrin-
Başlığı baş daşıdı,
Ritmi,ahəngi sükut,
Qafiyəsi göz yaşıdı!


                  İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən


Qum saatıydı ömür,   
Qəm saatıydı ömür-
Ağrılarla gəldi,
Ağrılarla keçib getdi,
Ağrılarla beləcə bitdi.
               
                      İbad Əliyev

Yamaq


Təzəliyi
Əvəzsiz sevinc gətirən
Şalvarımın
dizləri  süzülüb nazildikcə
ürəyimin başı yeyilərdi,
baxıb ordan göz ağardardı
yamaq qorxusu,
yamaq dərdi!
Ata ilə oğul arasına girən-
Ətlə dırnaq arasına girən
oğul yamağı gördüm,
dilucu “sağ ol” yamağı gördüm,
ürəyə vurulan paxıl yamağı gördüm...
Günlərimin üstündə
Yamaq-yamaqdı
Ağrılarım,acılarım.
Özgə adda,
özgə soyadda
atama nəvə yamağı qoydular
bacılarım...
Vicdan yamağı-
Peşmançılıq;
Daldan atılan daş.
Tövbə yamağı.
Həvəsdi bəsdi
Yarısından da qayıtmaq
xeyirdi bu ziyanın.
Sənətə, şeriyyətə yük-
qondarma şairlərlə
ətəyi yamaq-yamaqdı
poeziyanın...

İbad Əliyev
                                           2001 

Vaqif Bayatlı Odərə məktub

“Yupyumru bir eşqilə” döyünən bir ürəyin intəhasız sevgisini duydurmaq ümidi və istəyi ilə.
İstəkli şairim Vaqif Bayatlı Odər qardaşıma.
Mən tənqidçi deyiləm.Odur ki, sənətkar fəhmi və intuisiyası ilə duyub qiymətləndirdiyim şerlərinizin sənət dəyərini sərraf gözü ilə görüb sərraf sözü ilə ifadə etməyə acizlik çəkdiyimə görə yanıb tökülürəm.
Çağlar söz çeşmənizdən ovuc-ovuc doldurub içdim. Yox, bu bulaq deyil, müqəddəs, incə duyğular, poetik hisslər şəlaləsidir!
Sizin şerləriniz Ulu Tanrının öz qüdrətindən yaratdığı, ona bütün varlıqlardan daha yaxın olan bir şairin yaratdığı söz möcüzələridir. İnsanı daxilən riqqətə gətirən müqəddəs təsəvvüf duyğuları üzərində köklənmiş bu poeziya vəhdət adlanan həqiqətin parlaq təcəllisidir. Bu poeziya fəlsəfənin poeziyası, poeziyanın fəlsəfəsidir.
Min il ötsə belə XXI əsr Azərbayacan poeziya sənəti Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Səməd Qaraçöp sənəti ilə anılacaq!
60 yaşınızın tamama yetdiyi bir vaxtda mən sizə daha yeni ucalıqlar və bu ucalıqlara-o ilahi həqiqətə qovuşmaq yolunda maneəsiz uçuşlar, ay işığı kimi təmiz və parlaq uğurlar və nəhayət ən əsası-incə sənət, poeziya, şeriyyət yolundə xərclməyə bol-bol ömür nəqdi arzu edirəm. Qoy ilhamınızın Qızıl gülü heç vaxt solmasın. Və bir də haqsızlıqlara qarşı polad, qranit dözümü və təpəri heç vədə dizinizdən əksik olmasın!
Burda yadıma 50 yaşımın tamamında yazdığım bir şeirin son bəndi düşür:
 
Ələdikcə kül ömür gün
Ta qurtulmaq deyil mümkün.
Batmışıq torpağa bütün,
Bircə başımız görükür.

Sonsuz Sevgi və Sayğılarla
Sizin İbad Novruzoğlu

Uzaqlaşıram


Yoxsa damarımda ram olub qanım?
Odumdan, közümdən uzaqlaşıram.
Nə bilim dərd dərdi unutduracaq,
Söz verdim, sözümdən uzaqlaşıram.
   

  *             *             *

Bir diz ot gətirib gözümdə qəbrim
Qəmi qəlbdə yuyub gözümdə sərdim.
Daşıb söndürəcək odumu səbrim
Haçandı dözümdən uzaqlaşıram


   *             *             *

Ha sezdim, ha dözdüm neçə dəfəydi
O əl tərəzinin gözünü əydi.
İstədim düzəldəm düzümü əydi
Gördüm ki, özümdən uzaqlaşıram.


                                    
İbad Əliyev


                                       

Adsız şer


Nə yazıbsa Tanrı yazıb 
Bu yazıya yoxdu pozu
Mən bu ipin kəndirbazı
Həyat-ölüm arasında


   *        *        *

Tutaq ki, lap qəmi xoşdur
Sağın boşdur, solun boşdur.
Çaşıb ayağın sürüşdü
Yapışarsan harasından?
  
  *        *        *

Baxdım vurdu, ötüb keçdim...
Nə olsun ki... sonu heçdir.
Bu dünyanın...
                       Daha gecdir
Dönmək olmur yarısından.

                                     İbad Əliyev

                                                   1990
                                               Şeirin əlyazmasının linki

Yüzün mübarək

                      
     

                      S.Vurğunun anadan olmasının 100 illik yubileyinə

Dindin “Kərəmi” tək, “Sarıtel” kimi.
Daşdın dəniz kimi, coşdun sel kimi,
Ruhun yurdun üstə xəfif yel kimi
Gəzsin asta-asta, gəzsin mübarək.

***************************

Sən ki, tələsmirdin, zaman tələsdi.
Çaparaq dördnala zaman tələsdi.
Vədə gözləmədi, güman tələsdi,
Şair, əbədiyyət bəhsin mübarək.

***************************

Çıxmadı yadından o ala gözlər,
Döndümü humay tək xəyala gözlər?
“Qələm qaş altından piyala gözlər”,
Qıydın ki, qəlbini üzsün, mübarək.

***************************

Bahar ağuşuna alıb Muğanı,
Yay kimi dartınır bala ceyranı.
O məsum varlığın gözün heyranı,
Ox kimi süzməyi, bəsin, mübarək.

****************************

Düşübdür çovğuna, qara bağımız.
Şairim, yaradır yara bağrımız.
Gedib əlimizdən Qarabağımız,
Könlün ordan necə keçsin, mübarək?

****************************

Şairim,acıdır zamanın hökmü!
Bizi əzib ötən dövranın hökmü.
Sənin əbədiyyət günəşi kimi
Şerimdə boy verən üzün mübarək.


*****************************

Tükənməz eşqilə vətənin yurdun
Sevən ürəklərdə min yuva qurdun.
Solmayan şöhrətin illəri yordu,
A Vurğun şairim, yüzün mübarək!

                                          İbad Əliyev

Tələbəm olan gənclərə


Bu çılğınlıq bir vəhşətdir,
Ömrü sizdən qoparası.
Olmayınız bu yelbeyin
Ehtiraslar avarası.

*******************

Hər ayınız bir hörgüdür
Bir kərpicdir hər anınız.
Bir səhv ilə ömrü göyə
Sovurmazmı tufanınız?

*******************



Ömrünüzün sarayını
Hörməsəniz əgər işdir
Görərsiniz zaman keçir,
“Lələ köçüb,yurdu boşdur.”

*******************

Hörməsəniz qızıl saray,
Duymassınız onda qürur.
Görərsiniz bu sarayın
Yerində bir koma durur.


                                    
İbad Əliyev

Sonet


“Qızmadın bir kəsə axır qəlbini?”
Gözümdə bir sual “Hələ də təksən?!”
Üzündən oxudum gizli qəmini,
Təpədən dırnağa həssas ürəksən.

**************************

“Heç nə o illərin vermir yerini”
Köksünü ötürdün alnında qürur.
“Tez-tez oxuyuram şeirlərini,
Məndə şeirlərin o vaxtdan durur.”

**************************

Üzdə deyilmiş yox, dərinmiş, dərin
Içində bir gizli sirr döyünürmüş.
Şeirim-ürəyimin döyüntüləri
Demə ürəyinlə bir döyünürmüş!

***************************

Sirrimi sən yana-yana deyirsən,
Mən indi bildim ki,tənha deyilsən.
                                            
                                   İbad Əliyev               

Sonet


Sübhəcən narahat uzanar gecəm,
Həsrəti geyinər səhər
Sənli xatirələr hey pərdə pərdə
Lent kimi gözlərin önündən ötər.

*************************

O sözsüz, o səssiz nəğmə ruhumda
Qəfəsdə quş təki ürək döyünər
Darağı küləkdən, sığalı gündən
Saçının əlində həsrəti göynər

*************************

O sevgi kəsilmiş yaşıl çinarsa,
Pöhrə atmalıydı bir gün gövdəsi.
Qəzavü-qədərin uğruna çıxan
Uğursuz bir tale şəriki bizik.

*************************

Xatirə oduna illər uzunu
Ürək qızdıralı, əllər uzalı.

                                           
                                                
İbad Əliyev

Tələbəm Ayunuru dinləyərkən


Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.

*****************

Qanımmı damarımda?
Donubmu damarımda?
Hökm eyliyir ürəyə,
Çəkir məni geriyə.

*****************

Bir vaxt söyüd olmuşam,
Bir söyüd ki, pərişan.
Küsüb baxtından, küsüb
Taleyilə barışan.

*****************

Həyat bir göz qırpımı,
Yuxu kimi dağıldı.
Gördüklərim yuxu yox,
Bir qorxulu nağıldı.

*****************

Əriş-arğacdı zaman,
Ömür xalı-toxuyur.
Elə bil ki, gözlərin
Ürəyimi oxuyur.

*****************

Əsir,əsir ürəyim
Quşu uçan budaqdır.
Gahdan-gahdan közərən,
Külü qalmış ocaqdır.

******************

O səs işıq selimi?
Gözəllik şamdır, nədir?
Vallah, insan işığa
Aldanan pərvanədir.

******************

Əs üstündə nanə tək,
Öpüb oxşa, əzizlə
Gedən getdi, qayıtmaz
Ha xatırla, ha səslə.

******************

Ayrılıq var yaxında
Əlim əldən üzülür.
Kirpiklərin rəfində
Göz yaşları düzülür.

******************

Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.

                                  İbad Əliyev


Əlli yaşıma önsöz

Uzandı qış gecələri,                    
Dərdin gəlmədi səhəri
Beləcə açdıq illəri,
Əlli yaşımız görükür.


*****************


Ötüb başım tükü sanı
Yaz dumanı, qış dumanı.
Səməri bir ömrün hanı?
İndi işimiz görükür.



*****************


Hanı axarı, baxarı?
Budumu sonu axırı?
Payızımızdan baxırıq
Odur, qışımız görükür.


******************


Ələdimi kül ömür-gün,
Ta qurtulmaq deyil mümkün.
Batmışıq torpağa bütün,
Bircə başımız görükür.


                                     İbad Əliyev



Məndə gördüyün işıq


                                     “Mən səndə işıq görmüşəm.”
                                                                      İ.Saleh
Bir ilahi səsdən gəlib,                                                             
Əlahəzrət sözdən gəlib,
O, alovdan, közdən gəlib,
Məndə gördüyün işıq.


*****************


Düşüb, bir cüt gözdən düşüb,
Erkən düşüb, tezdən düşüb,
Sönmüş bir ulduzdan düşüb,
Məndə gördüyün işıq.


*****************


Ay nurudur, süzülübdür.
Yorulubdur, üzülübdür.
Hələ bir az nazilibdir
Məndə gördüyün işıq.


*****************


Tıxadılar, boğulmadı.
Söndürdülər, yox olmadı.
Gedib gözə soxulmadı
Məndə gördüyün işıq.


*****************

Yanğısı bir, duyğusu bir
Duyan ürəkləri sevir
İşığının kölgəsidir
Məndə gördüyün işıq


                            İbad Əliyev

                            

                                 



Free counters!