Uzaqlaşıram


Yoxsa damarımda ram olub qanım?
Odumdan, közümdən uzaqlaşıram.
Nə bilim dərd dərdi unutduracaq,
Söz verdim, sözümdən uzaqlaşıram.
   

  *             *             *

Bir diz ot gətirib gözümdə qəbrim
Qəmi qəlbdə yuyub gözümdə sərdim.
Daşıb söndürəcək odumu səbrim
Haçandı dözümdən uzaqlaşıram


   *             *             *

Ha sezdim, ha dözdüm neçə dəfəydi
O əl tərəzinin gözünü əydi.
İstədim düzəldəm düzümü əydi
Gördüm ki, özümdən uzaqlaşıram.


                                    
İbad Əliyev


                                       

Adsız şer


Nə yazıbsa Tanrı yazıb 
Bu yazıya yoxdu pozu
Mən bu ipin kəndirbazı
Həyat-ölüm arasında


   *        *        *

Tutaq ki, lap qəmi xoşdur
Sağın boşdur, solun boşdur.
Çaşıb ayağın sürüşdü
Yapışarsan harasından?
  
  *        *        *

Baxdım vurdu, ötüb keçdim...
Nə olsun ki... sonu heçdir.
Bu dünyanın...
                       Daha gecdir
Dönmək olmur yarısından.

                                     İbad Əliyev

                                                   1990
                                               Şeirin əlyazmasının linki

Yüzün mübarək

                      
     

                      S.Vurğunun anadan olmasının 100 illik yubileyinə

Dindin “Kərəmi” tək, “Sarıtel” kimi.
Daşdın dəniz kimi, coşdun sel kimi,
Ruhun yurdun üstə xəfif yel kimi
Gəzsin asta-asta, gəzsin mübarək.

***************************

Sən ki, tələsmirdin, zaman tələsdi.
Çaparaq dördnala zaman tələsdi.
Vədə gözləmədi, güman tələsdi,
Şair, əbədiyyət bəhsin mübarək.

***************************

Çıxmadı yadından o ala gözlər,
Döndümü humay tək xəyala gözlər?
“Qələm qaş altından piyala gözlər”,
Qıydın ki, qəlbini üzsün, mübarək.

***************************

Bahar ağuşuna alıb Muğanı,
Yay kimi dartınır bala ceyranı.
O məsum varlığın gözün heyranı,
Ox kimi süzməyi, bəsin, mübarək.

****************************

Düşübdür çovğuna, qara bağımız.
Şairim, yaradır yara bağrımız.
Gedib əlimizdən Qarabağımız,
Könlün ordan necə keçsin, mübarək?

****************************

Şairim,acıdır zamanın hökmü!
Bizi əzib ötən dövranın hökmü.
Sənin əbədiyyət günəşi kimi
Şerimdə boy verən üzün mübarək.


*****************************

Tükənməz eşqilə vətənin yurdun
Sevən ürəklərdə min yuva qurdun.
Solmayan şöhrətin illəri yordu,
A Vurğun şairim, yüzün mübarək!

                                          İbad Əliyev

Tələbəm olan gənclərə


Bu çılğınlıq bir vəhşətdir,
Ömrü sizdən qoparası.
Olmayınız bu yelbeyin
Ehtiraslar avarası.

*******************

Hər ayınız bir hörgüdür
Bir kərpicdir hər anınız.
Bir səhv ilə ömrü göyə
Sovurmazmı tufanınız?

*******************



Ömrünüzün sarayını
Hörməsəniz əgər işdir
Görərsiniz zaman keçir,
“Lələ köçüb,yurdu boşdur.”

*******************

Hörməsəniz qızıl saray,
Duymassınız onda qürur.
Görərsiniz bu sarayın
Yerində bir koma durur.


                                    
İbad Əliyev

Sonet


“Qızmadın bir kəsə axır qəlbini?”
Gözümdə bir sual “Hələ də təksən?!”
Üzündən oxudum gizli qəmini,
Təpədən dırnağa həssas ürəksən.

**************************

“Heç nə o illərin vermir yerini”
Köksünü ötürdün alnında qürur.
“Tez-tez oxuyuram şeirlərini,
Məndə şeirlərin o vaxtdan durur.”

**************************

Üzdə deyilmiş yox, dərinmiş, dərin
Içində bir gizli sirr döyünürmüş.
Şeirim-ürəyimin döyüntüləri
Demə ürəyinlə bir döyünürmüş!

***************************

Sirrimi sən yana-yana deyirsən,
Mən indi bildim ki,tənha deyilsən.
                                            
                                   İbad Əliyev               

Sonet


Sübhəcən narahat uzanar gecəm,
Həsrəti geyinər səhər
Sənli xatirələr hey pərdə pərdə
Lent kimi gözlərin önündən ötər.

*************************

O sözsüz, o səssiz nəğmə ruhumda
Qəfəsdə quş təki ürək döyünər
Darağı küləkdən, sığalı gündən
Saçının əlində həsrəti göynər

*************************

O sevgi kəsilmiş yaşıl çinarsa,
Pöhrə atmalıydı bir gün gövdəsi.
Qəzavü-qədərin uğruna çıxan
Uğursuz bir tale şəriki bizik.

*************************

Xatirə oduna illər uzunu
Ürək qızdıralı, əllər uzalı.

                                           
                                                
İbad Əliyev

Tələbəm Ayunuru dinləyərkən


Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.

*****************

Qanımmı damarımda?
Donubmu damarımda?
Hökm eyliyir ürəyə,
Çəkir məni geriyə.

*****************

Bir vaxt söyüd olmuşam,
Bir söyüd ki, pərişan.
Küsüb baxtından, küsüb
Taleyilə barışan.

*****************

Həyat bir göz qırpımı,
Yuxu kimi dağıldı.
Gördüklərim yuxu yox,
Bir qorxulu nağıldı.

*****************

Əriş-arğacdı zaman,
Ömür xalı-toxuyur.
Elə bil ki, gözlərin
Ürəyimi oxuyur.

*****************

Əsir,əsir ürəyim
Quşu uçan budaqdır.
Gahdan-gahdan közərən,
Külü qalmış ocaqdır.

******************

O səs işıq selimi?
Gözəllik şamdır, nədir?
Vallah, insan işığa
Aldanan pərvanədir.

******************

Əs üstündə nanə tək,
Öpüb oxşa, əzizlə
Gedən getdi, qayıtmaz
Ha xatırla, ha səslə.

******************

Ayrılıq var yaxında
Əlim əldən üzülür.
Kirpiklərin rəfində
Göz yaşları düzülür.

******************

Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.

                                  İbad Əliyev


Əlli yaşıma önsöz

Uzandı qış gecələri,                    
Dərdin gəlmədi səhəri
Beləcə açdıq illəri,
Əlli yaşımız görükür.


*****************


Ötüb başım tükü sanı
Yaz dumanı, qış dumanı.
Səməri bir ömrün hanı?
İndi işimiz görükür.



*****************


Hanı axarı, baxarı?
Budumu sonu axırı?
Payızımızdan baxırıq
Odur, qışımız görükür.


******************


Ələdimi kül ömür-gün,
Ta qurtulmaq deyil mümkün.
Batmışıq torpağa bütün,
Bircə başımız görükür.


                                     İbad Əliyev



Məndə gördüyün işıq


                                     “Mən səndə işıq görmüşəm.”
                                                                      İ.Saleh
Bir ilahi səsdən gəlib,                                                             
Əlahəzrət sözdən gəlib,
O, alovdan, közdən gəlib,
Məndə gördüyün işıq.


*****************


Düşüb, bir cüt gözdən düşüb,
Erkən düşüb, tezdən düşüb,
Sönmüş bir ulduzdan düşüb,
Məndə gördüyün işıq.


*****************


Ay nurudur, süzülübdür.
Yorulubdur, üzülübdür.
Hələ bir az nazilibdir
Məndə gördüyün işıq.


*****************


Tıxadılar, boğulmadı.
Söndürdülər, yox olmadı.
Gedib gözə soxulmadı
Məndə gördüyün işıq.


*****************

Yanğısı bir, duyğusu bir
Duyan ürəkləri sevir
İşığının kölgəsidir
Məndə gördüyün işıq


                            İbad Əliyev

                            

                                 



Free counters!