Adsız şeir

Gözlərinin içində
Boy verir kədər, sonam.
Kökləyirəm qəlbimi
Ayrılıq havasına...
Necə gəlib qovuşduq
Araz kimi, Kür kimi?!
Elə bu da qatardı
Sürürük ömür kimi...
Yerə-göyə sığmırıq
Qərarımız yox bizim.
Nazımızı səadət
Çəkməyəcək çox bizim.
Bir gün enib qüruba
Günəşimiz batacaq.
Təsəllimiz bir odur
Sönməyəcək bu ocaq.
Qəm gətirir qəm üstə,
Yaş gətirir yaşıma
Ötür ömrün payızı
Nə qalıb ki qışıma...
Bir az qərib görükür
Sanki,evim eşiyim,
Bu ürəyim sinəmdə
Yaz çiçəyi-üşüyür.
İllər gəlir sel kimi
Elə axır az qala
Saçımızdan qaranı
Tamam yuyub apara...
İllər ötür yel kimi
Əsir bizi az qala
Çoxillik palıd kimi
Kökümüzdən qopara

                            İbad Əliyev
                                     2001

Adsız şeir

Dəyirmanda vəl olmadım,
Ətəklərdə əl olmadım,
Mən nəfsimə qul olmadım,
Olanlarım bəsim hələ

 *       *       *

Xəzan alıb bu baharı,
Yel ağzında yarpaqları.
Ürəyimin budaqları
Əsir əsim-əsim hələ

 *       *       *

Gileyliyəm dost-yarımdan
Duman olmuş ahlarımdan.
O qar almış dağlarımdan
Vardır umum-küsüm hələ

 *       *       *

Mən-səbirlə aram-aram  
Uzun-uzun yollar yoran.
Çox da daha oxumuram,
Eşidilər səsim hələ.

                             İbad Əliyev
                                                           2001

Səni unutdu


(Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən)



                                               Hanı şeir quşum,
                                                                         Səməndər quşum
                                                           Hanı zülmət yaran
                                                                         O səhər quşum?!
                                                           Uçubdur,gəlibdir
                                                                         qəhərim mənim.
                                                           Gedibdir,açılmır
                                                                         səhərim mənim...
                                                           Məni tərk edəndən
                                                                         Itibdir huşum.
                                                           Hanı şeir quşum,
                                                                         Səməndər quşum ?!

                                                                                        N.İbadoğlu


Ay ata, bu dünya vəfasız imiş!
Nəğməli bir ömrü, yəni unutdu?
Keşdiyin cığırlar çayır gətirdi
Əkdiyin çiçəklər səni unutdu.

   *             *             *

Sən gözə, könülə saflıq çilədin,
Qaralan göylərin nisgil daşıdı.
Demirəm bir Günəş, ya da ki şimşək,
Sadəcə bir bulud ömrü yaşadın.

   *             *             *

Çinarı deyildin göyə ucalan,
Gözündən şeh daman bir gülü idin.
Sən nə qartalıydın, nə də tərlanı
Sən vətən bağının bülbülü idin.

   *             *             *

Demirəm çatardı başın göylərə
Sən nə zirvə idin, nə də dağ idin
İstəyin həmişə uyub sehrinə
Sözün qanadında ucalmaq idi.

   *             *             *

Gözünün işığı, qəlbinin nuru
Bir dünyan var idi-analı dünyan.
Tutiyə bilərdin, kəlməni,sözü,
Onu sənin kimi varmıdır duyan?

   *             *             *

Çəkər sənsizliyi baharın, yazın,
Gözünü qum tutmuş susmuş bulaqsan
Çox çəkdin nazını oğulun, qızın,
Barının yükündən sınmış budaqsan.

   *             *             *

Həsrətdən saralıb kağızlar yoxsa?
Bəlkə yadırğıyıb qələm,unudub,
Sevinci bilmirəm,inanmıram ki,
Səni bu dərd, kədər, ələm unudub.

   *             *             *

Yuxuma gəlirsən, hərdən yuxuma,

Az qalır yoxluğun yadımdan çıxa,
Nəvaziş eləmir boy-buxununa
Yollar yerişindən sevinmir daha.

   *             *             *

Mən ha söykəyirəm, boşdur kürəyim,

Arxam, gərəyiydim mənim həyatda
Sən ki, ürəyimdin, mənim ürəyim,
Ürəyim döyünür torpağın altda.

   *             *             *


Ay ata, bu dünya vəfasız imiş!
Nəğməli bir ömrü,yəni unutdu?
Keşdiyin cığırlar çayır gətirdi
Əkdiyin çiçəklər səni unutdu.

                                        İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən

Sən başımın tacı idin,
Səni qapıb götürdülər
Çevirdilər qara pula,
Tez də salıb itirdilər

Səni məndən ayırdılar,
Ocağını kor qoydular,
Məgər orda qor qoydular?-
Bəladılar, ləçərdilər.

Alışıram,yanır sinəm.
Yoxluğun dar çəkib mənə...
Qız dediyin zəli, gənə...
Qızıl qanın içərdilər.


Əllərindən yoxdu günüm,
Vardı əldə toy-düyünün,
Harayıma yetdin mənim
Ölümünlə sən bir səhər.

Sən başımın tacı idin,
Səni qapıb götürdülər
Çevirdilər qara pula,
Tez də salıb itirdilər

                     İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən


Dolanbacdı ömür yolun,
Bu yol yoxuşdu, enişdi.
Sevinci kimin payına,
Acısı gör kimə düşdü!

Əlim yetmədi əlinə
Sən də üzüyola.
Gör kimlər oğul oldular
İki oğlun qala-qala



Nə yoğurub, nə yapdılar,
Hazırca kökə tapdılar.
Sudan halva düşdü,atam
Kökəni yekə tapdılar.

Qaldı içim yana-yana,-
Səni sular tək içdilər,
Gen-bol zəmi tək biçdilər,
Körpü edib çay keçdilər.

Uçmağa göy bağışladın;
Uçdular, qanad özgənin.
Adım üstə adın oldu,
Ad mənimdi, dad özgənin

Qaldım atam ola-ola
Mən atasız yetim, atam
İmdadıma çata ölüm,
Bəlkə sənə yetim, atam.

                              İbad Əliyev
                                      Avqust, 2000

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən



Bir nisgildən odlanıb,
Olubdu bağrı şan-şan,
İçin-için ağlıyır
Şölə çəkib yanır şam.


Dayanıb baş ucunda
Başılovlu, qəlb qırıq
Baş açıb saçın yolur
Hansı mələk, hansı ruh ?!


Məzar üstə əyilən
Görən kimdi o bulud
Göz yaşında islanıb
Açan çiçək, bitən ot

Yara dəyib torpağa,
O yara şişib nədir?
Köhnələcək, çökəcək-
Hələ dərdi təzədi...

                     İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən



Bir bənd şeirdi qəbrin-
Başlığı baş daşıdı,
Ritmi,ahəngi sükut,
Qafiyəsi göz yaşıdı!


                  İbad Əliyev

Şair atam Novruz İbadoğlunun xatirəsinə yazdığım şeirlərdən


Qum saatıydı ömür,   
Qəm saatıydı ömür-
Ağrılarla gəldi,
Ağrılarla keçib getdi,
Ağrılarla beləcə bitdi.
               
                      İbad Əliyev

Yamaq


Təzəliyi
Əvəzsiz sevinc gətirən
Şalvarımın
dizləri  süzülüb nazildikcə
ürəyimin başı yeyilərdi,
baxıb ordan göz ağardardı
yamaq qorxusu,
yamaq dərdi!
Ata ilə oğul arasına girən-
Ətlə dırnaq arasına girən
oğul yamağı gördüm,
dilucu “sağ ol” yamağı gördüm,
ürəyə vurulan paxıl yamağı gördüm...
Günlərimin üstündə
Yamaq-yamaqdı
Ağrılarım,acılarım.
Özgə adda,
özgə soyadda
atama nəvə yamağı qoydular
bacılarım...
Vicdan yamağı-
Peşmançılıq;
Daldan atılan daş.
Tövbə yamağı.
Həvəsdi bəsdi
Yarısından da qayıtmaq
xeyirdi bu ziyanın.
Sənətə, şeriyyətə yük-
qondarma şairlərlə
ətəyi yamaq-yamaqdı
poeziyanın...

İbad Əliyev
                                           2001 
Free counters!