ÖMRÜ MƏNALI YAŞA

Bir yol durur qabaqda.
O da ki, baxır baxta.
Ömür sanki marafon,
Əvvəl varsa, vardır son.
Zaman daim uçuşda.
Vaxtı ud bu qaçışda.
Öz ürək həmdəminlə
Yürü qolboyun, qoşa,-
Ömrü mənalı yaşa!


~~~~~~~~~~~~~~~~~


Deyil ki, bir Çin səddi,-
Vardır hüdudu, həddi.
Əllidi, ya yüz ildi,
Ömür də dörd fəsildi.
Səməri qucaq-qucaq,
Payızı adlayaraq,
Alnıaçıq, üzüağ
Gəlib çıxasan qışa,-
Ömrü mənalı yaşa!


~~~~~~~~~~~~~~~


Saldı səni oyuna,-
Qal başının hayına.
Bu oyunu kim qurdu?-
Yaradan rejissordu,
Həyat əsil tamaşa...
Rolunu elə oyna
Layiq olsun alqışa,-
Ömrü mənalı yaşa!


~~~~~~~~~~~~~~~


Tale ilə sən daha
Bənzərsiz yaya, oxa.
Yayından çıxan oxsan.
“Öldü var, döndü yoxsa”-,
Qarşıda hədəf durur,
Yetirsə şərəf, qürur,
Toxunmaya, kaş, daşa,-
Ömrü mənalı yaşa!


~~~~~~~~~~~~~~~~~~


Bu tütündür nəfi nə,
Acıyıram səhvinə.
Tüstüsü burum-burum,
Ciyərin tamam qürum.
Kötüklər qalaq-qalaq
Közərir...Sönür ocaq.
Bir budaqsan təzətər
Söylə, görüm nə qədər
Zəqquma dönər axşam,
Zəhərə dönər səhər?!
Qıyma yana, alışa,-
Ömrü mənalı yaşa!


~~~~~~~~~~~~~~~~~


Güman yoxsa sabaha
Sığın tək bir Allaha.
Bir yanlışdan üzülmə,
Dodaq kimi büzülmə.
Üz vermə dərdə hədər,
Kədər gətirər qəhər.
Yeməsin səni kədər,
Nəşəsi var o qədər...
Halın pozulsa işdir,-
Onda özünü aldat,
Kədərinə sevinc qat.
Dişinlə, dırnağınla,
İşində olmağınla
Taleyini sən yarat!
Bir qanadı sevincdi,-
Həyat bənzəyir quşa.
Sabun köpüyü kimi
Boşa çıxmasın, boşa,-
Ömrü mənalı yaşa!
Ömrü mənalı yaşa!


                                 İbad Əliyev
noyabr 2018

Gəlir ölüm yuxusu

Desəm ağ olar, gülüm.
Dağın dağ olar, gülüm.
Nədir məni uçuran,-
Ağlıma gəlir ölüm.


Düyməsiz bir köynəyin
biçilməkdə yaxası,
Yellədir ağ bayrağı
varlığımın qalası.
Domokl qılıncını
çiynim üstə vaxt asıb,-
Gedib ömrün çoxusu.
Xoş-naxoş qəbulumdur
həqiqətin gerçəyi,-
Solub ömrün çiçəyi,-
Gəlir məzar qoxusu.
Dişlərini qıcayıb
yoxsa ölüm qorxusu?!
Bəlkə çevrə qapanır,-
Gəlir ölüm yuxusu?!
  
                                İbad Əliyev, 
                                     10. 08. 2017

Free counters!