Qış lövhələri




Qış lövhələri

Qar yağır, təbəssüm qonur üzlərə
Qucağı dümağ qar səhər sevinir.
Ağ-ağ çiçəklərmi ələnir yerə?
Dərələr sevinir, düzlər sevinir.


~~~~~~~~~~~~~~~~~~~~~


Hər yan gümüşüdür, hər yan gur işıq
Qəlblərə nur dolur, gözlər qamaşır.
Bəyazlıq donunun rəngimi qışın
Bu geyim torpağa necə yaraşır!


~~~~~~~~~~~~~~~~~~~~~


Elə bil kim isə qış rəsmi çəkir,
Susub təbiətin dümağ dünyası.
Qılınc kimi kəsən sazaqlar sanki
Öz qılınclarını damlardan asıb.


~~~~~~~~~~~~~~~~~~~~~


Küknarlar ağ xalat salıb çiyninə 
Çayın dodağında donub nəğməsi
Bu dünya quşların deyil əyninə
Bir azca qaraltı axtarıb gəzir.


~~~~~~~~~~~~~~~~~~~~~


Çöllər ağ donunda təzə gəlindir,
Bəmbəyaz duyğular çağlar ürəkdə
Ana qayğılıdır təbiət indi
Bir körpə yaz yatır bu ağ bələkdə.

                                                                      
İbad Əliyev
                                                                                       1984, yanvar

Heydərim


Mərhum prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə


Başı üstə vardı Allah nə sirrdi?
Millət başsız, dərd əlində əsirdi.
Göylərində qara bulud gəzirdi
Dönmüş idi baxtı günə, Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Çözülmürdü, tapılmırdı çarəsi,
Xəyanətin qan verirdi yarası,
Sökülürdü neçə qartal yuvası
Bəsləyirdi ümid sənə, Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Soluxmuşdu, pəjmürdəydi gülümüz
Başımıza ələnirdi külümüz
Millət nədi, can verirdi dilimiz.
Yaranmışdı sənə-sənə Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Ayrılmışdın, gəldin, yenə qayıtdın.
Ürək ilə birdi sinə, qayıtdın.
Həyatımız gəldi cana, qayıtdın.
Varid olcaq ruh bədənə, Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Bir cüt mavi şəffaf göydü gözlərin.
Göy dənizdi üfüqündə səhərim.
Danışdıqca şirin-şirin sözlərin
Aşıb daşdı sinə-sinə, Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Bir aləmdin dünyalardı dəyərin
Bir memardın Azərbaycan əsərin.
Bir gözəldir, aynasıdır Xəzərim
Sığallanan dönə-dönə, Heydərim.

~~~~~~~~~~~~~~~~~~~~~~~

Arxamızda bir arxasan, dayaqsan
Kim deyir ki, uyumusan? Oyaqsan!
Yol göstərən qütb ulduzu sayaq sən
Parla yenə, alış yenə, Heydərim.

                                           İbad Əliyev

                                                         Şeirin əlyazması linkdə

Heydərim


Zərbi müəllimin ad gününə





Uşaq aləminə bənzəyir payız


Uşaq aləminə bənzəyir payız


Uşaq aləminə bənzəyir payız
Səhmanı pozulub sanki dünyanın
Gözünün önündə bir başqa aləm
Canlanır bu sirri-sehri dünyanın.
 *              * *
Dünyada nə varsa, nə varsa hər şey.
Sanki bu aləmin oyuncaqları
Pozulmayıb bircə göyün üzündə
Köçəri quşların səfi-qatarı.
*              * *

Dəyibdi hər yerə dəcəl əlləri
Yarpaqları bir-bir yolub qoparıb
Uçuşan xəzəllər çərpələngləri 
Xəzan küləklərin köhlən atları.
                                                 *           * *
Arabir də qalxır duman toz kimi
Yatmır dəcəllərin harayı-hayı
həmişəyaşıllar böyüklərdimi
Onlara payızın əli çatmayıb.
                                                 *           * *
Barlı bağlarının gözləri dolu
Alması alyanaq heyvası sarı
Külək qabağına qatıb dəcəl tək
Qovur buludları dağlara sarı
                                                 *           * *
Göyləri nahaqdan döyülmüş uşaq
Göz yaşı qurumur, ovuna bilmir
Tutqundur, açılmır bulud qabağı 
Payız günəşinin heç üzü gülmür.
                                                 *           * *
Uşaq aləminə bənzəyir payız
Fəsillər içində aylar içində
Elə bil dünyanı bəzəyir payız
Bir başqa görkəmdə başqa biçimdə.
                                             İbad Əliyev


Payız


Payız


Yarpaq-yarpaq solub saraldı payız
Bulud-bulud dolub boşaldı payız

Yoldu çiçəkləri, yoldu gülləri
Çırpdı budaqları dəcəl əlləri.
Durnalar payızdan küsüb getdilər.
Arada üçkünc bir qüssə getdilər.
Bir az kefsizlədi sanki üfüqlər
Düşdü aralığa sarı bir kədər.
Yer üzü elə bil sarı bir dəniz
Xəzələ büründü hər cığır, hər iz.
Sanki şıltaqlığı azdı payızın
Qəfildən payız
Sarışın saçına döndü o qızın
Pərişan saçına döndü o qızın,
Töküldü bəmbəyaz çiyinlərinə

                                   İbad Əliyev
                                                      1983

Qaya üçün


Hüsnü camalın ilə
Yer işıqdır, göy işıq.
Həyatımın ziynəti,
Yerə-göyə yaraşıq.


********************


Sən ömür gülşənimin
Günəşli baharısan.
Sən ömür sevincimin 
İlkisən, nobarısan.


********************


Yelənim, yelkənimsən
Həvəsinlə uçuram.
Açıb gen qollarımı
Burdan səni qucuram.


                                 İbad Əliyev


Qaya üçün



Oğlum Qaya üçün


Adsız şeir


Daha bu dünyayla işim qalmadı...


Daha bu dünyayla işim qalmadı…

Talandım göylərə sovruldu külüm.
Uçuldum, daş üstə daşım qalmadı.
Yetər, göz yaşında boğuldu içim,
Yetər, gözlərimdə yaşım qalmadı.


************************************

Hər şey düşdü ilkin cazibəsindən
Ürək bu boşluqda sanki yüz ildi.
Dünyaya bağlıydım min bir tellə mən
Sonuncu ümiddi, o da üzüldü.




************************************

Həyata uzanan yolu bitirdim.
Bu, keçib getdiyim sonuncu yoldur.
Uduzub bu dünya məni itirdi
Daha bu oyundan çıxası oldu.


************************************


Söndü istəklərim, sındı həvəsim,
Qopdu dırnaqlarım, dişim qalmadı.
Boşalıb qollarım, titrədi dizim
Daha bu dünyayla işim qalmadı.


       İbad Əliyev
                      1984

Şeirin əlyazmasının linki

Free counters!