Qar yağır, təbəssüm qonur üzlərə
Qucağı dümağ qar səhər sevinir.
Ağ-ağ çiçəklərmi ələnir yerə?
Dərələr sevinir, düzlər sevinir.
~~~~~~~~~~~~~~~~~~~~~
Hər yan gümüşüdür, hər yan gur işıq
Qəlblərə nur dolur, gözlər qamaşır.
Bəyazlıq donunun rəngimi qışın
Bu geyim torpağa necə yaraşır!
~~~~~~~~~~~~~~~~~~~~~
Elə bil kim isə qış rəsmi çəkir,
Susub təbiətin dümağ dünyası.
Qılınc kimi kəsən sazaqlar sanki
Öz qılınclarını damlardan asıb.
~~~~~~~~~~~~~~~~~~~~~
Küknarlar ağ xalat salıb çiyninə
Çayın dodağında donub nəğməsi
Bu dünya quşların deyil əyninə
Bir azca qaraltı axtarıb gəzir.
~~~~~~~~~~~~~~~~~~~~~
Çöllər ağ donunda təzə gəlindir,
Bəmbəyaz duyğular çağlar ürəkdə
Ana qayğılıdır təbiət indi
Bir körpə yaz yatır bu ağ bələkdə.
İbad Əliyev
1984, yanvar
0 şərh:
Yorum Gönder