Uşaq aləminə bənzəyir payız
Səhmanı pozulub sanki dünyanın
Gözünün önündə bir başqa aləm
Canlanır bu sirri-sehri dünyanın.
* * *
Dünyada nə varsa, nə varsa hər şey.
Sanki bu aləmin oyuncaqları
Pozulmayıb bircə göyün üzündə
Köçəri quşların səfi-qatarı.
* * *
Dəyibdi hər yerə dəcəl əlləri
Yarpaqları bir-bir yolub qoparıb
Uçuşan xəzəllər çərpələngləri
Xəzan küləklərin köhlən atları.
* * *
Arabir də qalxır duman toz kimi
Yatmır dəcəllərin harayı-hayı
həmişəyaşıllar böyüklərdimi
Onlara payızın əli çatmayıb.
* * *
Barlı bağlarının gözləri dolu
Alması alyanaq heyvası sarı
Külək qabağına qatıb dəcəl tək
Qovur buludları dağlara sarı
* * *
Göyləri nahaqdan döyülmüş uşaq
Göz yaşı qurumur, ovuna bilmir
Tutqundur, açılmır bulud qabağı
Payız günəşinin heç üzü gülmür.
* * *
Uşaq aləminə bənzəyir payız
Fəsillər içində aylar içində
Elə bil dünyanı bəzəyir payız
Bir başqa görkəmdə başqa biçimdə.
İbad Əliyev
0 şərh:
Yorum Gönder