Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.
*****************
Qanımmı damarımda?
Donubmu damarımda?
Hökm eyliyir ürəyə,
Çəkir məni geriyə.
*****************
Bir vaxt söyüd olmuşam,
Bir söyüd ki, pərişan.
Küsüb baxtından, küsüb
Taleyilə barışan.
*****************
Həyat bir göz qırpımı,
Yuxu kimi dağıldı.
Gördüklərim yuxu yox,
Bir qorxulu nağıldı.
*****************
Əriş-arğacdı zaman,
Ömür xalı-toxuyur.
Elə bil ki, gözlərin
Ürəyimi oxuyur.
*****************
Əsir,əsir ürəyim
Quşu uçan budaqdır.
Gahdan-gahdan közərən,
Külü qalmış ocaqdır.
******************
O səs işıq selimi?
Gözəllik şamdır, nədir?
Vallah, insan işığa
Aldanan pərvanədir.
******************
Əs üstündə nanə tək,
Öpüb oxşa, əzizlə
Gedən getdi, qayıtmaz
Ha xatırla, ha səslə.
******************
Ayrılıq var yaxında
Əlim əldən üzülür.
Kirpiklərin rəfində
Göz yaşları düzülür.
******************
Səsdən bulaq olarmış!
Bulaq dodaqlarında.
Enib ruhuma, enib
Getmir qulaqlarımdan.
İbad Əliyev
0 şərh:
Yorum Gönder