Adsız şeir

Gözlərinin içində
Boy verir kədər, sonam.
Kökləyirəm qəlbimi
Ayrılıq havasına...
Necə gəlib qovuşduq
Araz kimi, Kür kimi?!
Elə bu da qatardı
Sürürük ömür kimi...
Yerə-göyə sığmırıq
Qərarımız yox bizim.
Nazımızı səadət
Çəkməyəcək çox bizim.
Bir gün enib qüruba
Günəşimiz batacaq.
Təsəllimiz bir odur
Sönməyəcək bu ocaq.
Qəm gətirir qəm üstə,
Yaş gətirir yaşıma
Ötür ömrün payızı
Nə qalıb ki qışıma...
Bir az qərib görükür
Sanki,evim eşiyim,
Bu ürəyim sinəmdə
Yaz çiçəyi-üşüyür.
İllər gəlir sel kimi
Elə axır az qala
Saçımızdan qaranı
Tamam yuyub apara...
İllər ötür yel kimi
Əsir bizi az qala
Çoxillik palıd kimi
Kökümüzdən qopara

                            İbad Əliyev
                                     2001

0 şərh:

Free counters!